AZ1066, İstiqlaliyyət küçəsi 19, Bakı, Azərbaycan

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Reqlamenti

 Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
 mübarizə üzrə Komissiyasının 2025-ci il 6 fevral
 tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Reqlamenti

1. Ümumi müddəalar

1.1. Bu Reqlament Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin (bundan sonra – Əsasnamə) 13-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının (bundan sonra – Komissiya) fəaliyyətinin təşkilinə dair məsələləri tənzimləyir.

1.2. Komissiyanın sədri Komissiyanın iclasını çağırır, onun tarixini, yerini, gündəliyini və keçirilmə formasını müəyyən edir və iclasa sədrlik edir. İclasın keçirilməsi barədə məlumat, iclasın gündəliyi, qərar layihəsi və müzakirəyə çıxarılan məsələlərə dair sənədlər Komissiyanın Katibliyi (bundan sonra – Katiblik) tərəfindən Komissiya üzvlərinə göndərilir.

1.3. Komissiyanın növbədənkənar iclası Komissiyanın sədri tərəfindən onun öz təşəbbüsü ilə və ya Komissiya üzvlərinin azı 5-nin müraciəti əsasında çağırılır. Növbədənkənar iclasın çağırılması təşəbbüsü ilə müraciət edən Komissiya üzvləri onun gündəliyinə dair təkliflərini Komissiyanın sədrinə təqdim edirlər.

1.4. Komissiyanın iclasları onun üzvlərinin və dəvət olunmuş şəxslərin bilavasitə iştirakı ilə, əyani, informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, distant və ya hibrid formada keçirilə bilər.

1.5. Komissiyanın iclasları açıq və ya qapalı keçirilir. Komissiyanın üzvləri və iclasda iştirak edən şəxslər tərəfindən qapalı iclaslarda aparılan müzakirələr və söylənilən fikirlər barədə məlumatların Komissiyanın razılığı olmadan açıqlanması yolverilməzdir.

1.6. Əsasnamənin 10-cu maddəsinin səkkizinci cümləsinə uyğun olaraq, Komissiyanın işinin təşkilinə dair məsələlər üzrə Komissiyanın qərarlarının iclas çağırılmadan Komissiyanın sədri tərəfindən qəbul edilməsi məqsədilə Katiblik qərar layihəsini rəylərin öyrənilməsi üçün Komissiyanın üzvlərinə göndərir. Komissiya üzvünün müraciəti ilə həmin qərar layihəsinin müzakirəsi üçün Komissiyanın iclası çağırıla bilər. Qərar layihəsi Komissiya üzvünə göndərildiyi vaxtdan 7 iş günü ərzində Komissiya üzvünün Komissiyanın iclasının çağırılmasına dair müraciətinin, yaxud qərar layihəsinə dair etiraz və ya qeydinin olmaması onun qərar layihəsinə razılığını ifadə edir.

1.7. Komissiyanın sədri Katiblik işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə sərəncam, həvəsləndirmə və ya intizam məsuliyyətinə cəlbetmə, məzuniyyət, ezamiyyət və insan resurslarının idarə edilməsi ilə bağlı digər məsələlər barədə əmrlər verir. Katiblik Komissiyanın və ya onun işçi qruplarının iclaslarını protokollaşdırır.

 

  1. Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili və əlaqələndirilməsi

 

2.1. İşçi qrup, Əsasnamənin 9-9-cu maddəsinə əsasən, Komissiyanın qərarı ilə yaradılır. İşçi qrupun tərkibi Katiblik tərəfindən 10 üzvdən az, 20 üzvdən artıq olmamaqla formalaşdırılır. İşçi qrupun tərkibinə dövlət və yerli özünüidarəetmə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin, publik hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – orqanlar (qurumlar), habelə qeyri-hökumət təşkilatlarının, media subyektlərinin, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər daxil edilə bilərlər. Katiblik işçi qrupun tərkibinin formalaşdırılması ilə əlaqədar aidiyyəti orqanlara (qurumlara) müraciət edir, qeyri-hökumət təşkilatlarının, media subyektlərinin, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər üçün müsabiqə elan edir.

2.2. İşçi qrupa orqanlar (qurumlar) tərəfindən namizəd təklif edilərkən aşağıdakı meyarlar nəzərə alınır:

2.2.1. işçi qrupun fəaliyyət sahəsi üzrə təcrübə;

2.2.2. hüquqşünaslıq (o cümlədən beynəlxalq və müqayisəli hüquq), dövlət idarəetməsi və korrupsiyaya qarşı mübarizə istiqamətləri üzrə təhsil və təcrübə;

2.2.3. hüquqi və sosial tədqiqat aparmaq qabiliyyəti;

2.2.4. normayaratma sahəsində təcrübə;

2.2.5. komanda şəklində işləmək bacarığı;

2.2.6. təşəbbüskarlıq;

2.2.7. xarici dil bilgisi;

2.2.8. problem həlletmə bacarığı;

2.2.9. tənqidi təfəkkür;

2.2.10. məsuliyyətlilik.

2.3. Qeyri-hökumət təşkilatlarının, media subyektlərinin, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər üçün müsabiqənin şərtləri və keçirilmə qaydası, bu Reqlamentin 2.2-ci bəndində nəzərdə tutulan meyarlar əsas götürülməklə, Katiblik tərəfindən müəyyən edilir.

2.4. İşçi qrupun səlahiyyət müddəti 3 ildir. Bu müddət ərzində işçi qrupun üzvü təmsil etdiyi orqan (qurum) daxilində olmayan başqa vəzifəyə təyin edildikdə, onun təmsil etdiyi orqan (qurum) bu barədə və təklif edilən yeni nümayəndəyə dair məlumatları (adı, soyadı və vəzifəsi) Katibliyə göndərir. Bu halda əvvəlki üzvün səlahiyyətinə xitam verilir və yeni üzv bu Reqlamentin 2.1-ci bəndinə uyğun olaraq təyin edilir. İşçi qrupun üzvlüyündən çıxanın yerinə təyin edilən yeni üzvün səlahiyyət müddəti işçi qrupun üzvlüyündən çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. İşçi qrupun səlahiyyət müddətinin bitməsinə 2 ay qalmış Katiblik işçi qrupun yeni tərkibinin formalaşdırılması ilə əlaqədar aidiyyəti orqanlara (qurumlara) müraciət edir, qeyri-hökumət təşkilatlarının, media subyektlərinin, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər üçün müsabiqə elan edir. 

2.5. İşçi qrupun üzvləri qrupun fəaliyyət istiqamətinə aid olan məsələlər üzrə bərabər hüquqlara malikdirlər və bərabər vəzifələr daşıyırlar. İşçi qrupun rəhbəri və müavini üzvlər sırasından sadə səs çoxluğu ilə seçilir. İşçi qrupun üzvləri ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərirlər.

2.6. İşçi qrupun rəhbəri işçi qrupun üzvləri arasında iş bölgüsü aparır, işçi qrupun fəaliyyətinə və işinin təşkilinə aid məsələlərlə bağlı, müvafiq olaraq, Komissiyaya və ya Katibliyə müraciət edir, işçi qrupa yeni üzvlərin daxil edilməsi və ya bu Reqlamentin      4.10-cu bəndində müəyyən edilmiş hallarda işçi qrupun üzvünün kənarlaşdırılması ilə bağlı Katibliyə təkliflər verir, işçi qrupun adından çıxış edir və onları təmsil edir. İşçi qrupun rəhbəri işçi qrupun fəaliyyətində iştirak edə bilmədikdə, onun səlahiyyətlərini müavini icra edir.

2.7. Bu Reqlamentin tələblərinə uyğun olaraq işçi qrupun fəaliyyətinin təşkilini və əlaqələndirilməsini işçi qrupun katibi həyata keçirir. İşçi qrupun katibini Katibliyin işçiləri arasından Komissiyanın katibi müəyyən edir. İşçi qrupun katibi işçi qrupun iclasının təşkilini və keçirilməsini təmin edir, işçi qrupun iclasının gündəliyini işçi qrupun rəhbəri ilə razılaşdırmaqla müəyyənləşdirir və işçi qrupun fəaliyyəti barədə Komissiyanın katibinə məlumat verir.

2.8. Komissiyanın katibi, işçi qrupun rəhbəri, üzvləri və katibi arasında bu Reqlamentin məqsədləri üçün rəsmi sənəd dövriyyəsi Komissiyanın internet portalında yaradılan “İdarəetmə və Əlaqələndirmə Paneli” (bundan sonra – Panel) vasitəsilə aparılır. İşçi qrupun üzvləri tərəfindən normativ hüquqi akt layihəsinə və başqa sənədlərə rəy verilməsi, habelə müvafiq məsələyə münasibət bildirilməsi və ya hər hansı layihənin hazırlanması məqsədilə icra olunmalı işlər (tapşırıqlar), son icra müddətləri göstərilməklə, Panel vasitəsilə göndərilir.

2.9. Panel tam istifadəyə verilənədək bu Reqlamentin məqsədləri üçün rəsmi sənəd dövriyyəsi müvəqqəti olaraq rəsmi elektron poçt ünvanlarında və ya digər informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə aparılır.

 

  1. Komissiyanın işçi qruplarının fəaliyyət istiqamətləri

 

3.1. İşçi qruplar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərirlər:

3.1.1. normativ hüquqi akt layihəsinin hazırlanması;

3.1.2. Katiblik tərəfindən işçi qrupa təqdim olunmuş normativ hüquqi akt layihəsinə və digər məsələlərə dair rəy verilməsi;

3.1.3. Katibliyin müraciəti əsasında Komissiyanın iclasında müzakirə ediləcək məsələlərin nəzəri aspektlərinə və beynəlxalq təcrübədəki nümunələrinə dair məlumat verilməsi;

3.1.4. Katibliyin müraciəti əsasında və ya işçi qrupun öz təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə mövcud problemlərə diqqətin cəlb edilməsi və onların həlli yollarına dair təkliflər verilməsi;

3.1.5. korrupsiyaya qarşı ixtisaslaşmış beynəlxalq təşkilatların və ya digər beynəlxalq reytinq qurumlarının sorğularına orqanlar (qurumlar) tərəfindən hazırlanmış cavablara dair rəy verilməsi;

3.1.6. orqanlarda (qurumlarda) korrupsiya risklərinin qiymətləndirilməsi metodologiyasının hazırlanması, ayrı-ayrı sahələr üzrə risklərin müəyyən edilməsi, təhlili, qiymətləndirilməsi və müvafiq tədbirlər görülməsi;

3.1.7. korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icra vəziyyətinin təhlil edilməsi, onların səmərəliliyinin və effektivliyinin qiymətləndirilməsi;

3.1.8. korrupsiyaya qarşı mübarizə sahəsində təlimlər, kurslar, nəşrlər, təşviqat materialları və digər üsullarla maarifləndirmə işinin həyata keçirilməsində iştirak və bu barədə təkliflər verilməsi;

3.1.9. Komissiyanın fəaliyyəti ilə bağlı digər zəruri tədbirlər görülməsi.

3.2. Normativ hüquqi akt layihəsinin hazırlanması normativ hüquqi aktın mətninin tərtib olunmasından, işçi qrup üzvünün normativ hüquqi aktın mətninə dair qeyd və şərh bildirməsindən, qeyd və şərhin işçi qrupun layihə üzrə ilk iclasında müzakirə olunmasından, işçi qrup üzvünün normativ hüquqi akt layihəsinə dair rəy bildirməsindən və işçi qrupun normativ hüquqi akt layihəsinə dair yekun qərarı qəbul etməsindən ibarətdir.

3.3. Normativ hüquqi akt layihəsinin hazırlanması üçün işçi qrupun daxilində işçi qrupun rəhbəri tərəfindən azı 3 nəfərdən ibarət altqrup yaradıla bilər. Altqrup verilən tapşırığa müvafiq olaraq, normativ hüquqi aktın layihəsini tam və ya bir hissəsini hazırlayır və rəy bildirilməsi üçün işçi qrupa təqdim edir. Altqrup normativ hüquqi aktın yalnız struktur elementlərinin adlarını hazırladıqda, həmin struktur elementlərinin məzmunu işçi qrup üzvləri tərəfindən 10 iş günü müddətində formalaşdırılır. Normativ hüquqi akt layihəsinin həcmi böyük olduqda, işçi qrupun katibi bu müddəti hər dəfə 10 iş gününə qədər olmaqla bir neçə dəfə uzada bilər. İşçi qrupun rəhbəri işçi qrup üzvlərinin müvafiq sahə üzrə təhsilini və təcrübəsini nəzərə alaraq, normativ hüquqi aktın struktur elementlərinin layihəsinin hazırlanmasını işçi qrupun üzvləri arasında bölür.

3.4. Təqdim olunduğu gündən ən geci 5 iş günü müddətində işçi qrupun üzvü normativ hüquqi akt layihəsinə və digər sənədlərə dair qeyd və şərhini layihənin əsas mətni üzərində edir. Normativ hüquqi akt layihəsinin həcmi böyük olduqda və ya müstəsna hallarda işçi qrupun katibi tərəfindən bu müddət 10 iş gününə qədər uzadıla bilər. Qeyd və şərh layihənin tək nüsxəsi üzərində real vaxt rejimində edilir. İşçi qrupun digər üzvlərinin və katibin layihə üzərində edilmiş qeydlə və şərhlə real vaxt rejimində tanış olmaq, həmin qeyd və şərhə öz münasibətini bildirmək imkanı vardır. İşçi qrup üzvünün qeyd və ya şərhinin olmaması onun layihəyə razılığını ifadə edir.

3.5. Normativ hüquqi akt layihəsinə işçi qrup üzvləri bu Reqlamentin 3.4-cü bəndində nəzərdə tutulmuş müddətdə qeyd və şərhlərini bildirdikdən sonra işçi qrupun katibi qeyd və şərhlərin müzakirəsi məqsədilə 5 iş günü müddətində işçi qrupun layihə üzrə ilk iclasını təyin edir. İlk iclasda işçi qrup üzvü öz qeydini və şərhini müdafiə edə və ya ondan imtina edə bilər.

3.6. Qeydin və şərhin müzakirəsi üzrə işçi qrupun ilk iclasından sonra işçi qrupun üzvü 3 iş günü ərzində normativ hüquqi akt layihəsinə dair bu Reqlamentin əlavəsində təsbit edilmiş formada rəy tərtib edərək, işçi qrupun katibinə təqdim edə bilər. İşçi qrupun digər üzvləri rəylə tanış olmaq imkanına malikdirlər.

3.7. Bu Reqlamentin 3.6-cı bəndində nəzərdə tutulmuş müddətin bitdiyi tarixdən     3 iş günü ərzində işçi qrupun katibi işçi qrupun normativ hüquqi akt layihəsi üzrə yekun iclasını çağırır. Yekun iclasda normativ hüquqi akt struktur elementləri (bölmə, fəsil, maddə, hissə və s.) üzrə səsə qoyulur və hər bir elementlə bağlı məqbul və ya qeyri-məqbul qərarlar qəbul edilir.

3.8. Müzakirə olunmuş məsələyə dair işçi qrup üzvü xüsusi rəydə qala bilər. Xüsusi rəydə qalan qrup üzvlərinin sayı 4 nəfər və ya daha artıq olduğu təqdirdə, onlar özlərinin birgə yazılı rəyini və ya onların mövqeyini ifadə edən alternativ layihəni və müvafiq əsaslandırmanı qrupun yekun iclasından ən geci 3 iş günü müddətində işçi qrupun rəhbərinə təqdim edə bilərlər. İşçi qrupun rəhbəri xüsusi və ya birgə yazılı rəyi və alternativ layihəni qrupun qəbul etdiyi layihə ilə birlikdə Komissiyanın katibinə təqdim edir.

3.9. Rəy verilməsi üçün təqdim olunan normativ hüquqi akt layihəsinə və ya digər məsələlərə dair qərarlar bu Reqlamentin 3.4–3.8-ci bəndlərinə uyğun olaraq qəbul edilir.

3.10. Katibliyin müraciəti əsasında işçi qrupun rəhbəri Komissiyanın iclasında müzakirə ediləcək məsələlərin nəzəri aspektlərinə və beynəlxalq təcrübədəki nümunələrinə dair təhlil aparılması üçün işçi qrup üzvləri sırasından məsul şəxs (şəxslər) təyin edir. Məsul şəxs (şəxslər) 10 iş günü müddətində öz yazılı məlumatını Katibliyə təqdim edir.

3.11. Katibliyin müraciəti əsasında və ya işçi qrupun öz təşəbbüsü ilə işçi qrupun rəhbəri korrupsiyaya qarşı mübarizə və şəffaflıq sahəsində beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə mövcud problemlərin və onların həlli yollarının təhlil edilməsi məqsədilə işçi qrup üzvləri sırasından məsul şəxs (şəxslər) təyin edir, ona (onlara) beynəlxalq təşkilatların və ya qurumların hesabatlarını göndərir. Məsul şəxs (şəxslər) 20 iş günü müddətində hesabatın təhlili əsasında öz yazılı təkliflərini Katibliyə təqdim edir.

3.12. İşçi qrup bu Reqlamentin 3.4–3.8-ci bəndlərinə uyğun olaraq, korrupsiyaya qarşı ixtisaslaşmış beynəlxalq təşkilatların və ya digər beynəlxalq reytinq qurumlarının sorğularına orqanlar (qurumlar) tərəfindən hazırlanmış cavablara dair məqbul və ya qeyri-məqbul rəy verir. Rəy qeyri-məqbul hesab edildikdə, hazırlanmış cavablardakı çatışmazlıqlar göstərilməklə fikir əsaslandırılmalı, çatışmazlıqların aradan qaldırılması yolları göstərilməlidir. Rəy məqbul hesab edildiyi halda da düzəliş, əlavə və ya təkmilləşdirmə edilməsi təklif oluna bilər.

3.13. İşçi qrup bu Reqlamentin 3.2–3.8-ci bəndlərinə uyğun olaraq, orqanlarda (qurumlarda) korrupsiya risklərinin qiymətləndirilməsi metodologiyasını hazırlayır. İşçi qrup müvafiq sahələr üzrə orqanların (qurumların) nümayəndələrinin iştirakı ilə ayrı-ayrı sahələrdə risk meyarlarını, risk göstəricilərini və risk səviyyəsini müəyyənləşdirir, dövri təhlillər aparır, yeni meyarlar, göstəricilər müəyyən edərək qiymətləndirməni həyata keçirir.

3.14. İşçi qrup bu Reqlamentin 3.4–3.8-ci bəndlərinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramlarının icra vəziyyətinə dair orqanların (qurumların) məlumatlarını təhlil edir, təqdim olunan məlumatlar əsasında həmin proqramların icra vəziyyətinin səmərəliliyini və effektivliyini qiymətləndirir.

3.15. İşçi qrup Katibliyin razılığı ilə korrupsiyaya qarşı mübarizə sahəsində təlimlər və kurslar təşkil edir, maarifləndirici və təşviqat materialları hazırlayır, müvafiq qurumların müraciəti əsasında işçi qrup üzvləri mühazirələr oxuyur və digər maarifləndirici tədbirlər həyata keçirirlər. Maarifləndirici və təşviqat materialları, xüsusi proqram, vəsait və ya təlim modulu bu Reqlamentin 3.2–3.8-ci bəndlərinə uyğun olaraq hazırlanır.

 

4. Komissiyanın işçi qruplarının fəaliyyət formaları

4.1. İşçi qrup Komissiya katibinin təsdiqlədiyi 6 aylıq iş planı əsasında fəaliyyət göstərir. İşçi qrupun katibi işçi qrupun 6 aylıq fəaliyyəti barədə Komissiyanın katibinə yazılı hesabat təqdim edir.

4.2. İşçi qrupun səlahiyyətlərinə aid məsələlər üzrə iclas keçirilir, Paneldən və ya digər informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə məlumat mübadiləsi aparılır. 

4.3. İşçi qrupun iclası onun üzvlərinin və dəvət olunmuş şəxslərin bilavasitə iştirakı ilə əyani, informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, distant və ya hibrid formada keçirilə bilər.

4.4. İşçi qrupun iclası üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İşçi qrupun qərarları açıq səsvermə yolu ilə qəbul olunur. Səslər bərabər olduqda, işçi qrup rəhbərinin səsi həlledicidir.

4.5. İşçi qrupun iclasına işçi qrupun rəhbəri sədrlik edir. İşçi qrupun katibi iclası təşkil edir, işçi qrupun işini əlaqələndirir və iclası protokollaşdırır. İclasın protokolu işçi qrupun rəhbəri və katibi tərəfindən imzalanır, protokol Komissiyanın katibinə təqdim olunur.

4.6. Növbədənkənar iclas Komissiyanın katibinin və ya işçi qrupun rəhbərinin, habelə üzvlərinin yarıdan çoxunun tələbi ilə çağırıla bilər. İşçi qrupun iclası haqqında işçi qrupun üzvlərinə iclas gününə ən azı 3 iş günü qalmış işçi qrupun katibi tərəfindən məlumat verilir.

4.7. Bu Reqlamentin tələblərinə əməl olunmaqla, müvafiq işçi qrupların birgə iclası keçirilə bilər. İşçi qrupların birgə iclasının keçirilməsi zərurəti Katiblik tərəfindən müəyyən edilir.

4.8. İşçi qrupun üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə, bunun səbəbləri barədə işçi qrupun katibinə əvvəlcədən məlumat verməlidir. İclasın keçiriləcəyi vaxt iclasda iştirak edə bilməyən işçi qrupun üzvü iclasda müzakirəsi nəzərdə tutulmuş məsələlər barədə rəyini və birbaşa iştirakının qeyri-mümkünlüyünün səbəblərinə dair məlumatı işçi qrupun katibinə göndərir.

4.9. İşçi qrupun iclası açıq və ya qapalı keçirilir. İclasın açıq və ya qapalı keçirilməsinə dair məsələni işçi qrupun rəhbəri həll edir. İşçi qrupun üzvləri və iclasda iştirak edən şəxslər tərəfindən qapalı iclasda aparılan müzakirələr və söylənilən fikirlər, o cümlədən müvafiq sənədlər barədə məlumatların Komissiyanın katibinin razılığı olmadan açıqlanması yolverilməzdir.

4.10. İşçi qrupun iclasında üzrsüz səbəbdən ardıcıl olaraq üç dəfədən artıq iştirak etməyən və bu Reqlamentin 4.8-ci bəndinə uyğun olaraq müvafiq rəy və məlumatı təqdim etməyən və ya bu Reqlamentin 4.9-cu bəndinin tələblərini pozan üzvlərin işçi qrupdan kənarlaşdırılması ilə bağlı işçi qrupun rəhbəri Komissiyanın katibinə müraciət edir.

4.11. İşçi qrupun iclasına orqanların (qurumların), qeyri-hökumət təşkilatlarının, media subyektlərinin, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər, Komissiyanın katibi ilə razılaşdırmaqla, işçi qrupun rəhbəri və ya katibi tərəfindən dəvət oluna bilərlər.

 

 

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Reqlamenti”nə

Əlavə

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının

___________________________________________________________

işçi qrupun adı

 

RƏY

Layihənin və ya rəy verilməsi üçün təqdim edilən məsələnin adı

 

Rəy üzrə gəlinən nəticə

Məqbul

Qeyri-məqbul

Əsaslandırma

 

 

 

 

 

Əlavə təklif və qeydlər

 

 

 

______________________________

işçi qrup üzvünün adı və soyadı

______________________________

işçi qrup üzvünün imzası və tarix